Loading...

Bloqlar

Jan 16, 2026

Sosial şəbəkələrdə bu məlumatlar qanunla qadağandır: Yeni Qanun Dəyişiklikləri Şər və Böhtan Riskini Artıra Bilərmi?

Sosial şəbəkələrdə və internet saytlarında cəmiyyətə açıq hörmətsizlik hərəkətlərinin qadağan edilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər geniş ictimai rezonans doğurub. Bu dəyişikliklər ilk baxışda ictimai əxlaqın və sosial dəyərlərin qorunması məqsədi daşısa da, hüquqi praktikada bir sıra mühüm suallar yaradır.

Bu dəyişikliklər böhtan və şər xarakterli ittihamların artmasına səbəb ola bilərmi?

Şirkətimizin peşəkar vəkillərindən biri olan Vəkil Səma Əhmədovanın sözlərinə görə: 

"Son dəyişikliklərlə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda internet məzmununa dair əlavə məhdudiyyətlər təsbit olundu. Yenilənmiş müddəalar ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ifadə, jest və görüntülərin, eləcə də insan bədəninin milli-mənəvi dəyərlərə zidd formada nümayişinin onlayn yayımını qadağan edir.

Qanunvericiliyin məqsədi əsas etibarilə ictimai etik qaydaların və mənəvi dəyərlərin qorunması kimi izah edilir. Bununla belə, istifadə olunan terminlərin — “əxlaqsız ifadə”, “mənəviyyat”, “milli-mənəvi dəyərlər” kimi — hüquqi baxımdan dəqiq sərhədlərinin müəyyən edilməməsi praktiki tətbiqdə interpretasiya fərqlərinə səbəb ola bilər. Bu kimi subyektiv anlayışlar müxtəlif auditoriyalar tərəfindən fərqli şəkildə qiymətləndirilə bildiyindən, onlayn platformalar üçün həm moderasiya, həm də hüquqi uyğunlaşma baxımından əlavə öhdəliklər yaradır.

Eyni zamanda, yeni tənzimləmə sosial media istifadəçiləri, kontent istehsalçıları və platformalar üçün daha diqqətli davranma zərurəti doğura bilər. Çünki ictimai mənəviyyat anlayışı mədəni və sosial kontekstdən asılı olaraq dəyişkəndir və müxtəlif hallarda fərqli qiymətləndirilə bilər.

Nəticə etibarilə, dəyişikliklərin real təsiri tətbiq mexanizmləri formalaşdıqca daha aydın görünəcək. Burada əsas məsələ normanın praktiki tətbiqi zamanı ifadə azadlığı, etik tənzimləmə və hüquqi müəyyənlik prinsipləri arasında balansın qorunmasıdır"

Qanun dəyişiklikləri nəyi nəzərdə tutur?

Cəmiyyətə açıq şəkildə hörmətsizlik edən,əxlaq normalarını açıq şəkildə pozan, ictimai nifrət və təhqir yaradan
məzmunlar artıq inzibati və ya digər hüquqi məsuliyyət doğura bilər.

#Xəbər
#BöhtanVəŞərRiski
#SosialMediaHüququ